ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Rəcəb Rəhimli Biləv kəndində səyyar qəbul keçirib

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Biləv kəndində səyyar qəbul keçirib. Vətəndaşların müraciətlərini yerində öyrənmək, qaldırılan məsələlərin operativ həllinə nail olmaq məqsədilə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

İlk olaraq Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşün əvvəlində çıxış edən İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli qeyd edib ki, 27 sentyabr – Anım Günü Azərbaycan xalqının tarixində əbədi olaraq həm kədər, həm də qürur günü kimi qalacaq. 27 sentyabr təkcə işğal altında olan torpaqlarımızın azad olunması yolunda başlanan müharibənin ilk günü deyil, həmçinin, xalqımızın suverenliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi birlik və qətiyyətin rəmzidir. Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycan hərbi, siyasi, iqtisadi gücünü bütün dünyaya nümayiş etdirdi. Bütün bunların nəticəsidir ki,  bu gün Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirakı və apardığı görüşlər Azərbaycanın beynəlxalq münasibətlərdə fəal mövqeyi və diplomatik nüfuzun nümayiş etdirir.

İcra başçısı çıxışında vurğulayıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq tədbirləri nəticəsində məcburi köçkünlər öz doğma yurdlarına qayıdır, orada təhsil alır, işləyir və yeni imkanlardan yararlanırlar. Daha sonra Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunulub, ölkəmiz üçün əhəmiyyətindən danışılıb. Bu dəhlizinin açılması təkcə ölkəmiz üçün deyil, bütün regionun gələcəyi üçün strateji önəm daşıdığı və regionda tranzit imkanlarının artırılmasında əsas rol oynadığı  bildirilib.

Görüşdə “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda məşğulluq imkanlarının artırılması, daxili yolların təmiri, turizmin genişləndirilməsi, su hövzələrinin yaradılması və rabitə xidmətlərinin yaxşılaşdırılması kimi bir sıra mühüm işlərin həyata keçirildiyi barədə ətraflı bəhs edilib. Eyni zamanda Ordubad şəhərində  “Ərbabın iş yeri” tarixi binasının əsaslı təmirinə başlanıldığı, “Sərşəhər məscidi” və mədrəsənin tikintisi, “Zəfər Parkı” layihəsi və Şəhidlər Xiyabanının təmirinə başlanılması üçün də mühüm addımlar atıldığı haqqında məlumat verilib.

Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub. Onların müraciətlərində içməli su təminatı, məşğulluq, istilik təchizatı, torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlər səsləndirilib. Qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilib, vaxt tələb edən müraciətlər nəzarətə götürülüb.

Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.