Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli vətəndaşlarla birbaşa ünsiyyət qurmaq və yerlərdə mövcud olan məsələləri operativ həll etmək məqsədilə Qoşadizə kəndində növbəti səyyar qəbul keçirib.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən regionun lider dövlətinə çevrilmişdir. İşğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış" proqramı uğurla icra olunmaqdadır. Bu inkişaf çərçivəsində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən institusional islahatlar, idarəetmədə şəffaflığın artırılması və "2023-2027-ci illərdə Muxtar Respublikanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" bölgənin simasını dəyişməkdədir. Eləcə də Ordubad rayonunda meliorasiya və su təsərrüfatı sistemlərinin modernləşdirilməsi, şəhər və kənddaxili yol ifrastrukturunun yenidən qurulması, kənd təsərrüfatının inkişafı, tarix-mədəniyyət abidələrinin qorunması və bərpası, sahibkarlığın inkişafı, məşğulluq imkanlarının artırılması və əhalinin rifah halının yaxşılaşdırılması prioritet istiqamətlər kimi diqqətdə saxlanılır. Rəcəb Rəhimli, Zəngəzur dəhlizinin geostrateji və sosial-iqtisadi əhəmiyyətini xüsusi vurğulayaraq Ordubad rayonunun Salamməlik stansiyası ərazisində dəmir yolu infrastrukturunun yenidən qurulması məqsədilə tikinti işlərinə başlanılması barədə məlumat verib.
Kənd sakinlərinin məşğulluq, su təsərrüfatının təkmilləşdirilməsi, vətəndaşa məxsus torpaq sahələrinin müəyyən olunması, sosial-məişət məsələləri, bələdiyyəyə məxsus torpaq sahəsinin hərrac yolu ilə alınması, yol kənarında hərəkətə maneə olan elektrik dirəklərinin yerinin dəyişdirilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı təklif və müraciətləri dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli üçün aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verilib, həlli müəyyən vaxt tələb edən müraciətlər isə müvafiq qurumlara istiqamətləndirilməsi məqsədilə nəzarətə götürülüb.
Görüşün sonunda sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, dövlət-vətəndaş birliyinin bu cür dialoqlar vasitəsilə daha da möhkəmləndiyini vurğulayıblar.