Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən rayon ərazisində vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, onların müraciət və təkliflərinin yerində dinlənilməsi məqsədilə növbəti səyyar qəbul Vələver kəndində keçirilmişdir. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər
Rəcəb Rəhimli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr, Ordubad rayonunda görülən işlər və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə ətraflı məlumat verib. Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir. “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin, yeni infrastruktur layihələrinin və sosial proqramların vətəndaşların rifah halının yüksəldilməsinə xidmət etdiyi vurğulanıb. İcra başçısı, şəhər və kənddaxili yol ifrastrukturunun, meliorasiya və su təsərrüfatı sistemlərinin yenidən qurulması, kənd təsərrüfatının inkişafı, mədən sənayesinin dirçəldilməsi, tarix-mədəniyyət abidələrinin bərpası, sahibkarlığın inkişafı, məşğulluq imkanlarının artırılması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Görüşdə Zəngəzur dəhlizinin açılmasının strateji və sosial-iqtisadi əhəmiyyətindən də bəhs olunub.
Kənd sakinlərinin məşğulluq, sosial-məişət məsələləri, kənddaxili yol infrastrukturunun yenilənməsi, su təsərrüfatının təkmilləşdirilməsi, quru ağaclarda budama işlərinin aparılması və digər məsələlərlə bağlı təklif və müraciətləri dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli üçün aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verilib, həlli müəyyən vaxt tələb edən müraciətlər isə müvafiq qurumlara istiqamətləndirilməsi məqsədilə nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.