
12 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə keçirilmişdir. Həmin müşavirədə çıxış edən ölkə başçısı bildirmişdir ki, Azərbaycanda son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Hətta biz elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, - hazırda təqribən 10 min meqavata yaxındır, - eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə - bütün bu məsələlər vahid sistem halına salınmışdır. Azərbaycan bir neçə ildən sonra elektrik enerjisini dünya bazarlarına ixrac edəcək.
İlham Əliyev vurğulayıb ki, ölkə əhalisinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi Azərbaycanın təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir.
Qeyd olunub ki, bu gün həm magistral, həm kənd yolları, şəhərlərarası yollarla bağlı layihələr icra edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur.
Çıxışında ölkənin su məsələsinə də toxunan ölkə başçısı deyib ki, içməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir.
Son 20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. “Taxtakörpü”, “Şəmkirçay” kimi su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.
Biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Biz bu il artıq praktik işlərə başlayacağıq.
Bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır.
Vurğulanıb ki, dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Əgər vaxtında lazımlı addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək.
Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq indi genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilməlidir. Bir müddət bundan əvvəl proqramın hazırlanması prosesi başlamışdır. Bu proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki vaxt lazımdır biz bunu tam icra edək. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına.
Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən. İctimai nəzarət də əlbəttə ki, mütləq olmalıdır. Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır. Tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır.
Bildirilib ki, bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq.
Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir.
İlham Əliyev qeyd edib ki, son 20 il ərzində həyata keçirilən layihələrdən biri də tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəməridir. Əgər bu su kəməri tikilməsəydi, bu gün Bakıda su qıtlığı özünü çox ciddi şəkildə göstərmiş olardı.
Çıxış zamanı “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın məqsədlərinin su təchizatının dayanıqlığının artırılması, alternativ su mənbələrinin yaradılması və infrastrukturun yenilənməsi, su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi, yağış suları risklərinin aradan qaldırılması, tullantı su infrastrukturunun təkmilləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması, su sektorunda rəqəmsal idarəetmə, SCADA (nəzarətçi idarəetmə və məlumatların toplanması) və IoT (əşyaların interneti) sistemlərinin tətbiqi, su itkisinin idarə edilməsinin effektiv monitorinqinin təminatı olduğu bildirilib.


