
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevral ayının 11-də keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxış edərək bildirib ki, rəqəmsal inkişaf məsələsi gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.
Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edib, o cümlədən Azərbaycanın. 30 ildən çox davam edən neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.
Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik. Təbii ki, ölkə daxilində elektrik enerjisinə artan tələbat nəzərə alınmalıdır. Xüsusilə bizim sənaye inkişafı ilə bağlı böyük planlarımız var. Həm əhali artır, həm sənaye istehsalı xüsusilə qeyri-neft sektorunda artır. Ona görə bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir. Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir. Bununla da, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik. Təbii ki, bugünkü müşavirədə müzakirə ediləcək məsələlərin həlli üçün bu da başlıca məsələlərdən biridir.
Ölkə Prezidenti vurğulayıb ki, digər üstünlüyümüz isə ondan ibarətdir ki, biz bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurmuşuq. Bir neçə aparıcı şirkətlə danışıqlar aparılıb, ölkəmizin imkanları onlara təqdim edilib. Eyni zamanda, dünyanın böyük və deyə bilərəm ki, ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla bizim sıx əlaqələrimiz var. Azərbaycan Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur. Biz artıq bu təsisatlara vəsait yatırırıq və onlarla bu yaxınlarda aparılmış danışıqlarda, eyni zamanda, bu qurumlardan Azərbaycana investisiyaların cəlb edilməsi məsələləri də qaldırılmışdır və müsbət cavab alınmışdır. Yəni indi konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də dediyim ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, bizim böyük üstünlüyümüzdür.
Eyni zamanda, Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Təbii ki, Avropa şirkətləri bu sahədə Amerika şirkətləri ilə rəqabət apara bilməzlər, onlardan bəlkə ən azı bir nəsil geridədirlər. Ancaq orada da müəyyən işlər görülür və o ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq təmin edilməlidir.
Nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq. Keçən il isə Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədi imzalamışıq.
İlham Əliyev qeyd edib ki, bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planını hazırlayaraq təqdim etməlidir. Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır.
Son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir. Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir.
Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.
Bildirilib ki, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər.
Özəl sektora gəldikdə, burada eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir. Biz özəl sektora bu sahədə hansı formada daha böyük diqqət göstərilməsini təşviq edə bilərik.
Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır.
Bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır. Bugünkü müşavirə və bu məsələnin Prezidentin nəzarəti altında olması bizim bir çox tərəfdaşlarımıza da ciddi mesaj olacaq ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır.




