
2025-ci il mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dövlətləri arasında həmrəyliyin və strateji əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edən mühüm hadisə kimi tarixə düşdü. Bu mötəbər tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm təşkilat çərçivəsində, həm də ikitərəfli müstəvidə əməkdaşlığın aktual məsələlərinə toxunaraq gələcək istiqamətləri müəyyənləşdirdi.
Prezident İlham Əliyev çıxışında Macarıstana səfərinin sayca altıncı olduğunu vurğulayaraq, bu ölkə ilə münasibətlərin yüksək səviyyədə inkişaf etməsindən məmnunluğunu ifadə etdi. Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana yeddi dəfə rəsmi səfər etməsi, iki ölkə arasında siyasi dialoqun intensivliyini və qarşılıqlı etimada əsaslandığını göstərir. Azərbaycan Prezidenti Macarıstanı müstəqil siyasət yürüdən və beynəlxalq aləmdə nüfuzu artan dövlət kimi dəyərləndirdi, əldə edilən uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik etdi.
Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq Budapeşt Zirvəsi türk dünyasında birliyin gücləndirilməsi istiqamətində ardıcıl addım oldu. Prezident İlham Əliyev təşkilata uğurla sədrliyi həyata keçirən Qırğızıstanı təbrik edərək, bu il Azərbaycanda keçiriləcək rəsmi Zirvə görüşünə bütün qardaş dövlətləri dəvət etdi. Ölkə rəhbəri həmçinin vurğuladı ki, Azərbaycan indiyədək Türk Dövlətləri Təşkilatına üzv ölkələrə 20 milyard ABŞ dollarından çox sərmayə yatırıb. 2025-ci ildə Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması isə bu əməkdaşlığın daha institusional və davamlı xarakter alacağını göstərir.
Dövlət başçısı çıxışında nəqliyyat sahəsində həyata keçirilən genişmiqyaslı layihələrə xüsusi diqqət yetirdi. Azərbaycanın coğrafi mövqeyinin əlverişli olmamasına – yəni açıq dənizlərə çıxışının olmamasına baxmayaraq, ölkənin Avrasiyanın aparıcı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi strateji baxışın və çevik siyasətin nəticəsidir. Təkcə 2024-cü ildə Azərbaycan üzərindən Türkiyə və Mərkəzi Asiya ölkələrinin 11 milyon tonluq yükləri daşınıb. Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti artırılaraq 5 milyon tona çatdırılıb, Orta Dəhlizin rəqəmsallaşdırılması isə əməkdaşlığın müasir tələblərə uyğun inkişaf etdiyini göstərir.
Hazırda Xəzər dənizində 50-dən artıq ticarət gəmisinə sahib olan Azərbaycan, türk dövlətləri üçün etibarlı və müasir tranzit xidmətləri təqdim edir. Bakı gəmiqayırma zavodunda 10 yeni gəminin inşası və Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması bu istiqamətdə atılan mühüm addımlardır. Azərbaycan ərazisində yaxın zamanda 9 beynəlxalq hava limanı fəaliyyət göstərəcək və onların üçü işğaldan azad edilmiş ərazilərdə yerləşir ki, bu da bərpa və inkişaf prosesinin miqyasını nümayiş etdirir.
Zirvə görüşündə çıxışında Prezident İlham Əliyev Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransına da toxundu. Cəmi 11 ay ərzində təşkil edilən bu möhtəşəm tədbir qlobal səviyyədə Azərbaycanın nüfuzunu bir daha təsdiqlədi. 77 min iştirakçı, 197 ölkə, 70 dövlət və hökumət başçısının iştirakı ilə keçirilən COP29 həm də Qlobal Cənubla Qlobal Şimal arasında körpü rolunu oynadı. Əsas nailiyyətlər sırasında inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyinin 300 milyard dollara çatdırılması, karbon bazarlarının tənzimlənməsi və İtki və Zərər Fondunun aktivləşdirilməsi yer alır. Bu tədbir dünya tərəfindən “Bakı sıçrayışı” kimi dəyərləndirildi.
Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən COP29 çərçivəsində imzalanan strateji tərəfdaşlıq sazişi Xəzər-Qara dəniz marşrutu vasitəsilə yaşıl enerjinin dünya bazarlarına çıxarılmasını təmin edəcək. Bu təşəbbüs türk dövlətlərinin müasir enerji gündəminə fəal töhfə verdiyini göstərir.
Nəticə etibarilə, Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşü türk dünyasının həmrəyliyinin daha da gücləndirilməsi yolunda mühüm mərhələ oldu. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, təqdim etdiyi təşəbbüslər və ortaya qoyduğu konkret nəticələr Azərbaycan-Türk birliyinin möhkəm təməl üzərində qurulduğunu və gələcəyə inamla baxdığını bir daha təsdiqlədi. Türk dünyası birləşdikcə, daha da güclənəcək – iqtisadi, siyasi və mədəni baxımdan bütöv bir coğrafiyaya çevriləcək.

